Müqəddəsləşdirmənin özü növbəti bölgünün, faciənin başlanğıcıdır

Tarix boyunca bütün dövrlərdə bütün millətlərin, xalqların ümumilikdə insan övladının üzləşdiyi hadisələr, faciələr olub…və olur (kaş bundan sonra olmaya)…Bir qismi təbiətin, bir qismi siyasətin, ideologiyaların ucbatından… Bu məqamda mən heç dünyanı millətlərə, xalqlara bölmədən keçirəm mətləbə. Yaxşı, Kərbala hadisəsinin faciə kimi görünüşü məsələn, Xocalı soyqırımından, hadisəsindən beləmi mürəkkəbdi? Mənim məqsədim müqayisə etmək, Kərbala hadisəsini danmaq və ya aşağılamaq yox, sadəcə hadisələrin, faciələrin müqəddəsliyə, aşiqliyə ehtiyacının olmamasını vurğulamaq, məsələlərə dərin təfəkkürlə (xurafatla yox!) yanaşmağı aşılamaqdır. Bütün insan faciələrinə ehtiramla yanaş amma onu müqəddəsləşdirmə…Müqəddəsləşdirmənin özü növbəti bölgünün, faciənin başlanğıcıdır.

Bu məsələnin bir tərəfi… Lap, indi gələk məsələnin milli tərəfinə (burada da məqsədim bölgü və ya müqayisə deyil, fikrimi izah etməkdir)… Çox uzaq keçmişə getmirəm. Elə götürək bu ili. Gözümüz nələr gördü…Bir evdən iki şəhid tabutunun qalxmasından tutmuş şəhid oğlunun nəşinin tapılmasına görə qurban kəsən ataya qədər. Hamısını gördük…istər millət kimi, istərsə də bir insan kimi. Bəs necə oldu, üstündən bir neçə ay keçdikdən sonra xalq olaraq, millət olaraq toy da etdik, şənləndik də, sevindik də…Amma gəlib Kərbalaya çatanda dayandıq. Hətta müzakirə etdik: Bizə şənlənmək olar ya yox? Mən yasa batmağın, “qara”ya bürünməyin tərəfində deyiləm. Həyat davam edir…Sadəcə mən təfəkkürün bayağılığını, dayazlığını, insanın (lap yeri gəlsə) necə deyərlər, öz burnunun ucundakı faciəsini görə bilməməsini…və nəhayət insanlığa qarşı törədilən, insan, haqq faciələrini düzgün qiymətləndirməməsini, hadisələrə aşiqliklə, cahilliklə (dərklə yox!) yanaşmasını vurğulamaq istəyirəm…

Emil Rasimoğlu gənc yazar.