“Böyük qardaşlar”ı araşdırarkən…

“Mandarinlər, limonlar, Sent Klement zəng çalar”… şeirin sonunu “1984” romanını oxuyanlar bilir. Amma məsələ nə şeir, nə də romandır. Məsələ, “böyük qardaş” və “qardaşlıq təşkilatı”dır. Romandan fərqli olaraq gerçək həyatda “qardaşlıq” anlayışı bir az fərqlidir. Belə izah edək: Sual versək ki, qatıq ağdır ya qara? dəqiq heç kim boz deməyəcək. Çünki qarşıya iki seçim qoyulub və birini seçməlisən. Seçdikdən sonra olursan “ağ qardaşlar”dan ya da “qara qardaşlar”dan. Sənin əksinə fikir söyləyənləri bir qəlibə yerləşdirib, özünə düşmən və ya rəqib elan edirsən. İddian da budur: onları idarə edən var, yoxsa bizimlə eyni fikrə sahib olardılar. Doğrudan? Bəs sən özün necə? İdarə olunmursan?!


Dövrümüzün əsas tələbi bir qrupun tərkib hissəsi olmaqdır: partiya, təşkilat, komanda və s. Bu kimi sosial qrupların var olma səbəbi idarə etməni asanlaşdırmaqdır. Hərəsinin də başına bir baş bilən “böyük qardaş” təyin edirlər və buyurun, meydan sizindir, qırın bir-birinizi. Yəni düşünmə ki mən heç kimə tabe deyiləm, azadam. Əgər bir qrupun üzvüsənsə və bir nəfərin qarşısında dimdik dayanmağa məcbursansa, deməli “böyük qardaş sənə baxır”. Demirəm hər şeyə etiraz et, vur, dağıt hər yeri. Demək istədiyim odur ki, sənin beyninə məcbur yeridilən, millətinə qarşı qoyan fikirlərə etiraz et. Səni, məni yəni bizi yüz parçaya bölüb bir-birimizə qarşı qoymasınlar deyə, kiminsə idarəsi altına girmə. “Böyük qardaş” qatığın rəngini tələb etdiyi halda sən qatığın sənə və dövlətinə nə fayda verəcəyini düşün.


“Böyük qardaş” anlayışı bir şəxs yox həm də bütövlükdə bir klandır. Klana üzv olmaq, klanla qohum olmaq səndən öncə partiyaya sədaqət, daha sonra bir başa hansısa şəxsə sədaqət tələb edir. “Mən partiyaya sədaqətlə xidmət etmişəm” cümləsi təsadüfi deyil. Əmr qulu olmaq bu qədər həzz verici olmamalıdır. İşin pis tərəfi odur ki, partiyaçıları kor adlandırıb, əksinə çıxanlar da kordur. “Kor göz təriqəti”nin bu üzvləri beyinləri yuyulmuş, zombi tək daim vəhşi kimi hücum etməyə hazır olurlar. Fərqi yoxdur, məsələ nədir. Sosial şəbəkələrdə 24 saat bir-birini asıb-kəsən “trollar” bu zombilərin “böyük qardaş” tərəfindən vəzifələndirilmiş üzvləridir. Yeri gəlmişkən, hansı cəbhədə döyüşür, döyüşsün, fərqi etməz, onlar kordur. Baxmaq gözün normal fəaliyyət göstərməsidir, lakin, görmək beyinlə əlaqəli bir fenomendir. Bu fenomenə barmaq basmaq lazımdır.


Bəlkə də sonum “101-ci otaq” olacaq deyə, qorxudan tərəf tutmağa özünü məcbur hiss edirsən. Ona görə də düşündüyünü deyə bilmirsən. Düşündüyünü deməkdən qorxursansa, bir gün düşünməkdən də qorxacaqsan. Düşündüyünü demək boş-boş danışmaq deyil. Sağlam düşünmək, doğru danışmaq və xeyirli iş tutmaq lazımdır. Bir qızıldərili atasözündə deyilir ki, “bir suda iki balıq dava edirsə, oradan bir ingilis keçmişdir”. Əmin olun ki, din, məzhəb, ideologiya, siyasi maraq, iqtisadi vəziyyət mövzularında bir-birini boğazlayacaq dərəcədə parçalanmış bu xalqın içindən də “böyük qardaşlar” keçmişdir.
Bütün bunlardan kənar, bu gün heç bir qardaşlığa üzv olmayan şəxsi necə xarakterizə edə bilərik? sualını versən, cavabı aşağıdakı kimidir, onu tanımaq çox asandır:
Mandarinlər, limonlar
Sent-Klement zəng çalar
Qardaşlıqdan kənarda
Yetim kimi tək qalar.

Zamin Qafarsoy