QAT gənc yazarın “Qarabağ Azərbaycandır!” adlı layihəsinin təqdimatını keçirdi

Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə gənc əlil yazar Etibar Həsənzadənin “Qarabağ Azərbaycandır!” adlı yaradıcılıq layihəsinin təqdimatı keçirilib.

Maraqlı.Biz xəbər verir ki, tədbiri aparıcı Firəngiz Əkbərova açaraq qonaqları salamlayıb, tədbirin məqsədi və məramı ilə bağlı qısa məlumat verib. Sonra QAT sədri Akif Nağı giriş sözü ilə çıxış edib. A.Nağı bildirib ki, Vətən üçün, dövlət üçün, millət üçün çalışan bu cür gənclərə həm dövlət, həm cəmiyyət, həm də ictimai təşkilatlar tərəfindən dəstək verilməli, onlar bu cür işlərdə həvəsləndirilməlidir. QAT sədri bildirib ki, Etibar Həsənzadə bütün çətinliklərə rəğmən, hərəkət məhdudiyyətlərinə baxmayaraq cəmiyyət üçün xeyirli olmağa çalışır, əlindən gələni edir. Vətənpərvər mövzuda yazdığı şeirlərlə, povestlərlə, hekayələrlə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət edir, həm də özü tam olaraq həyata qadir, fəaliyyətə qadir vətəndaş kimi formalaşır. Etibar Həsənzadə özü-özünü formalaşdırır, yenidən yaradır, cəmiyyət üçün yararlı bir vətəndaşa çevirir.

A.Nağı daha sonra Etibar Həsənzadənin həyat və yaradıcılıq yolu ilə bağlı qısaca məlumat verərək bildirdi: “Etibar Həsənzadə 1992-ci ildə Daşkəsən şəhərində anadan olub, orada orta məktəbi bitirib, sonra Slavyan Universitetinin Yaradıcılıq fakultəsini bitirib. Hazırda Azərbaycan Yazıçılar Birliyinin, Avrasiya Sənət, Kultur, Ədəbiyyat və Bilim Federasiyonun, Anadolu Sənətçi, Yazar və Ozanlar Birliyinin, Türkmən Ədəbiyyatçı və Yazarlar Birliyinin üzvüdür, eyni zamanda İstedadlı Əlillər İctimai Birliyinin fəxri üzvüdür. O, gənc olmasına baxmayaraq artıq bir neçə kitabın, o cümlədən “Könlümlə söhbət”, “Duyğular dinsin”, “Gecikmiş etiraf”, “Bir həyat romanı”, “Sevgi bəstəsi”, “Nurla gəldi, nurla yaşadı, nurla getdi”, “Mən Şəhid olacam, ana” , “Eşqin heykəli” adlı kitabların müəllifidir. O, 2019-cu ildən prezident təqaüdçüsüdür, bu günədək “Qızıl Qələm”, “İlin Vətənpərvər şairi”, “Xəlil Rza Ulutürk”, “Azərbaycan Bayrağı”, “Şərəf” “Vicdanlı Qələm”, “Xarı Bülbül”, “Qızıl Kitab” və sair mükafatlarla təltif olunub. Sonra aparıcı F.Əkbərova növbə ilə tədbir iştirakçılarına söz verdi, vaxtaşırı yazar Etibar Həsənzadənin şeirlərinə həsr olunmuş klipləri təqdim etdi. Tədbirdə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, İnkişaf və Rifah İctimai Birliyinin icraçı direktoru Arzu Əliyeva, Qarabağ Qazilərinə Qayğı İctimai Birliyinin sədr müavini Dönməz Həsənov, tanınmış ilahiyyatçı alim, ictimi xadim Hacı Hacağa Nuri, Qarabağ Qazisi, şair Abdal Qəhrəman, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, tanınmış aktyor Əjdər Zeynalov, Şəhid atası, Qarabağ Qazisi Hacı Əkbər Rüstəmov, Qarabağ Qazisi, şair Allahverdi Qiyaslı, Qarabağ Qazisi, alay komandiri Fəxrəddin Rəcəbov, Jurnalistlər Ekstremal Şəraitdə İctimi Birliyinin sədri Firuzə Əsədullayeva, Qarabağ Qazisi Rafiq Quliyev, gənc Qarabağ Qaziləri Əlibəy Əliyev və Zaur Abdullayev,  QAT Ali Məclsin sədri Barat İmani, Qarabağ Qazisi Kərəm Səfərov, Qarabağ Qazisi İlham Quliyev, QAT Qadınlar Şurasının sədri Sevinc Axundova, Qarabağ döyüşçüsü Solmaz Alıyeva və digərləri çıxış edərək Etibar Həsənzadənin yardıcılığı ilə bağlı, gənclərin tərbiyəsində rolu ilə bağlı, onun özünün bir vətəndaş kimi fədakarlığı ilə bağlı fikirlərini dedilər, münasibətlərini bildirdilər.

Tədbir boyunca tanınmış aktyorlar Əməkdar artist Cəlal Məmmədov, Əməkdar artist Sərvər Əliyev, aktyor Əjdər Zeynalov, Əməkdar artist Nofəl Vəliyev, gənc aktyor Fərid Vəliyev, Əməkdar artist Kəmalə Məmmədova, aktyor Nizami Ələkbərov, gənc aktyor Niyaməddin Səfərəliyev, bədii qiraət ustası Mədinə Məlik, gənc aktyor Bəhruz Hikmətoğlu və digərlərinin ifasında gənc yazar Etibar Həsənzadənin əsərlərindən parçalar oxundu. Sonda QAT sədri Akif Nağı gənc yazar Etibar Həsənzadəni Qarabağ Azadlıq Təşkilatının “Azad Qarabağ Uğrunda Mücahid” fəxri adı ilə, aktyor Əjdər Zeynalovu və digərlərini diplomlarla təltif etdi. Gənc yazarın anası Nailə Həsənova tədbir iştitrakçılarına, təşkilatçılara, ifaçılara təşəkkürünü bildirdi. Gənc yazar E. Həsənzadə bir daha çıxış edərək yaradıcılığı ilə bağlı əlavə məlumatlar verdi, cəmiyyət və dövlət tərəfindən ona göstərilən diqqət və qayğıyaa görə razılığını bildirdi, bir daha var gücü ilə çalışacağını, Azərbaycanın döyüş meydanında əldə etdiyi qələbələri, bundan sonra əldə edəcəyi nəticələri öz əsərlərində vəsf edəcəyini bildirdi. Yekunda tədbir iştirakçıları gənc yazarla birlikdə xatirə şəkilləri çəkdirdilər.slide 2 of 6